ائيلر

+0 به یه ن

EYLƏR

(Cığalı gəraylı)

Məhəbbət sarayı uçsa,

Qəlb alışar, dil vay eylər.

Könül pərvazlanıb uçsa,

Gəzər yarını,

Vəfadarını,

Öz dildarını,

Tapammasa, dil vay eylər.

Aşıq yarını görməsə,

Siyah saçların hörməsə,

ılan gülün dərməsə,

Gül tökülər,

Əğyar gülər,

Bel bükülər,

Cığa ağlar, tel vay eylər.

Ovçu itirsə maralı,

Kəsilər səbri-qərarı.

Dağdan-daşdan xəbər alı,

Ürəyi yanar,

Yarını anar,

Dərdli qanar,

Çəmən sızlar, çöl vay eylər,

Məhəbbətin tamı balsa,

Aşığın ağrını alsa,

Yar yarına həsrət qalsa,

Saz da ağlar,

Söz də ağlar,

Göz də ağlar,

Gözdən axan sel vay eylər.

Hicran yaşı dərin gəlsə,

Məhəbbəti iki bölsə.

Cavan Hüseyn nakam ölsə,

Çaylar çağlar,

Dost soraqlar,

Yarı ağlar,

Heyf, deyib el vay eylər.

DE, DAĞLARIN BU ÇAĞINDAN

Aşıq, götür telli sazı,

De, dağların bu çağından,

Eşidilsin xoş avazın

Xaçbulağın yaylağından.

Bax, qartallı qayalara.

Bəzəkdir ulu dağlara,

Göz vururlar buludlara

Yurdumun hər bucağından.

Təbiətin budur halı,

Güneylərə sərib xalı,

Boz təpələr örtüb şalı,

Doymaq olmur növrağından.

Kəmərqaya, Eynallıdüz,

Durubdur sənnən üzbəüz,

Sızıldaşan zənburu süz,

Bal süzülür "caynağından".

Yaxlıçuxur, Gilli bulaq,

Kəpəzə çıx, Göy gölə bax,

Gəzməyinən olmaz doymaq,

Azərbaycan torpağından.

Sarıyaldan gəl Qoşqara,

Hörmət eylər sənətkara.

Gözlə, düşmə boran-qara,

Çıx dağların sınağından.

Cavan Hüseyn, avazın xoş,

Zildən oxu, ürəkdən coş,

Şe`r də yaz, nəğmə də qoş,

Dürr süzülsün dodağından.



  • [ ]